“YALNIZ MÜHARİBƏ, BAŞQA YOL YOXDUR!” – “Rusiya silahları Ermənistana İran vasitəsilə çatdırılıb”

0

Tofiq Zülfüqarov: “Danışıqlar prosesi imitasiya xarakteri daşıyır və onun bir qəpiklik rolu yoxdur”

Son zamanlar Ermənistanın işğalçı siyasətinin növbəti təzahürlərini müşahidə etməkdəyik. Söhbət Ermənistanı Qarabağa birləşdirən üçüncü yolun çəkilişindən, Xudafərin istiqamətində İrandan işğal edilən ərazilərə yeni körpülərin salınmasından, açıq-aşkar anneksiya siyasətindən gedir.

“AzPolitika.info”-nun bu mövzu ilə bağlı suallarını sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov cavablandırıb.

Hurriyyet.org müsahibəni təqdim edirik:

– Tofiq müəllim, bir müddət əvvəl bəlli oldu ki, Ermənistan Azərbaycanın işğal etdiyi Zəngilan rayonu istiqamətində Qarabağa üçüncü şose yolunu çəkməyə başlayıb. Ermənistanın bu addımı nəyə hesablanıb və onu necə qiymətləndirirsiniz? 

– Əlbəttə ki, Ermənistanın bu addımı pislənməlidir. Bizim işğal edilən ərazilərimizdə Azərbaycan qanunlarına zidd olan o qədər əməllər törədilib ki, bu yolun tikintisi heç də həmin cinayətlərlə müqayisədə ən dəhşətlisi deyil. Çox yaxşı haldır ki, Azərbaycan ictimaiyyəti buna kəskin reaksiya verir. İctimaiyyətin belə münasibəti göstərir ki, insanlarımızın səbr kasası çoxdan dolub. Amma bir daha qeyd edim ki, işğal edilən ərazilərimizdə bundan da azğın cinayət əməlləri törədilib. Yol çəkilməsi məncə, Ermənistanın anneksiya siyasətinin əlavə sübutudur.

– Sizcə, bu yolun çəkilişi ilə Xudəfərin istiqamətində tikilən su elektrik stansiyası arasında əlaqə varmı?

– Burada yol çəkilməsi və dedikləri kimi İranla əlaqələrin gücləndirilməsi sözsüz ki, bizə qarşı olan addımdır. Unutmamalıyıq ki, Rusiya-Ermənistan hərbi münasibətləri İran vasitəsilə həyata keçirilir. Bəzən biz deyirik ki, Rusiya bu və ya digər yolla Ermənistana hansısa silahlar verib. Söhbət hansı yoldan gedir? Həm müharibə vaxtı, həm də sülh dövründə, bir sözlə, uzun illər Rusiya silahları Ermənistana İran vasitəsilə çatdırılıb. Bunu indiyə qədər hansısa səbəblərə görə açıq demirdik. Amma indiki mərhələdə bunu açıqlamağa ehtiyac var.

– Prinsipcə, silah-sursatı təyyarələr vasitəsilə də çatdırmaq mümkündür…

– Bəli, bunu da deyənlər var. Amma nəzərə alın ki, təyyarə hərbi yükləri harasa aparırsa, keçdiyi ərazilərə deklarasiya təqdim etməlidir və burada göstərilməlidir ki, silahlar nədən ibarətdir və onlar hara gedir. Bu, beynəlxalq hüququn tələbidir. Biz isə görürük ki, bu illər ərzində hərbi fəaliyyət və əməkdaşlıq İran vasitəsilə həyata keçirilir. Əlbəttə, indi deyilir ki, Azərbaycanın işğal olunan ərazilərində yollar tikilir, körpü salınır və s. Əslində isə hərbi yüklər uzun illər boyu İran vasitəsilə Ermənistana daşınıb. Yeni körpü tikilməsi ilə məsələ bitmir. Buna qədər də mövcud olan yollardan tam istifadə ediblər.

Xudafərin məsələsinə gəldikdə isə, mənim mövqeyim bəllidir. Təəssüflər olsun ki, biz Xudafərin istiqamətində başa çatdırılan layihəyə dair reallığı qəbul etməliyik. Əvvəla, bu layihə bizim nəzarətimiz olmadan həyata keçirilib. Yaxşı hal oldu ki, hüquqi baxımdan biz həmin layihəyə təsir göstərərək, onun mənfi təsirlərini azalda bildik. Mən hesab edirəm ki, burada ilk növbədə reallığı nəzərə almalıyıq.

“İşğal olunan ərazilərimizdə III mərhələyə – anneksiya siyasətini reallaşdırmağa başlayıblar”

– Bəzi siyasətçilər deyirlər ki, üçüncü yolun çəkilişi gələcəkdə müharibə zamanı bizim əleyhimizə istifadə olunacaq. Bu səbəbdən də təklif olunur ki, Azərbaycan işğal edilən ərazilərimizdə çəkilən yol infrastrukturunu bombalamalı və onun çəkilişini dayandırmalıdır. Sizin bu məsələ ilə bağlı düşüncələriniz nədən ibarətdir?

– Açığı, mən belə təkliflərə təəccüblə yanaşdım. Bizim əsas problemimiz nədir? İşğal olunan ərazilərimizi azad etmək. Vacib məqamı kənara qoyaraq yaradılan infrastrukturu dağıtmaq bizə nə verəcək? Beynəlxalq hüquqa, Azərbaycan Konstitusiyasına görə, bunlar işğal edilən ərazilərdir. Biz bu əraziləri işğaldan azad etməliyik. Nəyə görə məhz yol çəkilişi bizim həmin əraziləri vurmağımıza səbəb olmalıdır? Əsas məsələni qoyuruq bir kənara və yol çəkilişini qabardırıq. Bura bizim qanuni torpaqlarımızdır. Konstitusiyamıza, BMT nizamnaməsinə uyğun olaraq, işğalçını oradan çıxarmaq hüququmuz var. “Ermənilər yol tikir” məsələsini əsas gətirərək onları vurmaq təklifini doğru saymıram. Nəzərə alın ki, ermənilər uzun illərdir bu ərazilərdə qoşunlarını yerləşdiriblər, etnik təmizləmə siyasəti həyata keçiriblər, mədəniyyət abidlərimizi dağıdıblar, ərazilərimizi iqtisadi baxımdan istifadə edirlər və s. Bu cinayətləri sadalamaqla bitməz. Bu siyahının sonunda yol çəkmək gəlir. İndi o boyda cinayətləri bir kənara qoyaraq, yol çəkmələrini qabartmaq, məncə, düzgün deyil. Biz mənzərəni tam görməliyik. Ermənistan hərbi gücdən istifadə edərək torpaqlarımızı işğal edib. Orada etnik təmizləmə aparıb. İndi isə III mərhələyə keçib ki, bu da anneksiya siyasətinin reallaşdırılmasıdır. Bunu da açıq şəkildə bəyan ediblər. Əsas cinayətləri kənara qoymaq və sonuncudan tutmaq düzgün deyil.

“Avropa İttifaqının siyasətçiləri də görürlər ki, vəziyyət müharibəyə doğru gedir”

– Avropa Parlamenti bəyanat yayaraq Ermənistanın bu addımını pisləyir. Amma Rusiya, ABŞ və Fransanın təmsil olunduğu vasitəçilər institutu “müdrikcəsinə” susur. Sizcə, niyə?

– Əslində, həmsədrlər institutu çoxdandır ki, zəifləyib. Orada uzun illərdir Rusiyanın dominantlığı var və bu dominantlığı həyata keçirən erməni əsilli Rusiya Xarici İşlər naziridir. Rusiyanın Xarici İşlər naziri bu institutu demək olar ki, iflic vəziyyətinə gətirib.

Sözsüz ki, bu bəyanatın böyük təsiri var və bu, müsbət hadisədir. Amma unutmayaq ki, ermənilər nəinki bəyanatlara, hətta BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayaraq torpaqlarımızın işğalını davam etdiriblər. Biz uzun illər ümid edirdik ki, Minsk Qrupu nəsə edəcək. Artıq ortaya çıxıb ki, onlar heç nə edəsi deyillər. Bu baxımdan Avropa İttifaqının siyasətçiləri də görürlər ki, vəziyyət birmənalı olaraq, müharibəyə doğru gedir. Ən böyük fakt odur ki, Avropa İttifaqı artıq Gürcüstan, Ukrayna, Moldova konfliktlərilə Qarabağ münaqişəsinə eyni mövqedən yanaşır. Əvvəllər onlar bizim konflikti kənara qoyurdular, başqa baxış sərgilənirdi. İndi isə MDB məkanında olan münaqişələri ümumiləşdirib, ortaya eyni mövqe qoyurlar. Hesab edirəm ki, bunun özü müsbət hadsədir.

Amma açıq danışmalıyıq. Hesab edirəm ki, jurnalistlər, təhlilçilər və ictimaiyyət nümayəndələri belə stereotiplərdən bir qədər uzaqlaşmalıdır. Bizdə belə yanaşma mövcuddur ki, filan təşkilat bəyanat versə və Ermənistanı pisləsə, ermənilər bizə təslim olub torpaqlarımızı qaytaracaqlar. Təəssüflər olsun ki, bizdə müsbət hal sayılmayacaq belə stereotip var. Belə bəyanatlar bizə lazımdır, diplomatik uğurdur, amma onlar həlledici amil deyil. Başa düşməliyik ki, bizim ərazilərimizin üzərindəki suverenliyimiz hər bir bəyanatdan üstündür. Həm Konstitusiya, həm də beynəlxalq hüquqa görə, bizim suverenliyimiz hər şeyin üstündədir. Çünki buna bənzər konfliktlərlə bağlı müxtəlif təşkilatlar fərqli bəyanatlar verə bilər. Amma həlledici amil Azərbaycan dövləti, xalqı və ordusudur. Bunu ictimaiyyət bilməlidir. 30 il əvvəl nəsə baş verəndə şikayəti Moskvaya yazırdılar. İndi sanki Moskvanın yerini beynəlxalq təşkilatlar tutub və biz guya ora həqiqətləri çatdırsaq, məsələ həll ediləcək. Qətiyyən belə deyil.

– Yəqin razılaşarsınız ki, danışıqlar prosesi indi ölü nöqtədədir və böhran keçirir…

– Bəli, real danışıqlar prosesi artıq çoxdan böhran içindədir. Artıq onillər keçib və biz anlayırıq ki, danışıqlar vasitəsilə torpaqlar azad edilməyəcək. Son vaxtlara qədər imitasiya prosesi baş verirdi. Siyasətçilər belə təəssürat yaradırdılar ki, sabah 3 rayon azad ediləcək. Mövsümi olaraq bunu müşahidə edirdik. Sanki belə uydurmalar ictimaiyyətin başını qatırdı. Amma indi ictimaiyyət dəqiq başa düşür ki, bunların hamısı nağıldır. İmitasiya prosesini bərpa etmək artıq mümkün deyil. Biz başa düşməiyik ki, bu cür bəyanatlar və addımlar kimə və nəyə yönəlib. Ünvan Azərbaycan ictimaiyyətidir. İndi isə Azərbaycan xalqı başa düşür ki, bunlar hamısı cəfəngiyyatdır, danışıqlar prosesi imitasiya xarakteri daşıyır və onun bir qəpiklik həlledici rolu yoxdur. Üstəlik, artıq bunu bərpa etmək də mümkün deyil.

– Bəs, alternativ variant nədir? 

– Ermənilərin mövqeyi dəyişmir. Paşinyanın mövqeyini dəyişəcəyini düşünməyə heç bir əsas yoxdur. Alternatv bütün dünyada və tarixdə olduğu kimi, yalnız müharibədir. Torpaqlarımızı qaytarmaq istəyiriksə müharibə aparmalı və silah gücü ilə torpaqları azad etməliyik. Ayrı yol yoxdur. Kimsə desə ki, ayrı yol var, bu, sadəcə yalandır. Ona görə yox ki, biz müharibəni sevirik və bunu istəyirik. Ona görə ki, ermənilər bizə ayrı yol saxlamayıblar. Bu, tarixi reallıqdır.