“Yanlış yolu seçən gənclərimizi xilas etməliyik” – Adil Əliyevdən ÇAĞIRIŞ

26 İyun, 2020, 19:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

 

Çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev deyib ki, narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biridir.

 

A.Əliyev qeyd edib ki, bu problemin həlli bəşəriyyətimizi düşündürən əsas məsələlərdəndir: “Təəssüf ki, bu bəla ölkəmizdən də yan keçməyib. Narkomaniyanın əsasən gənclər və yeniyetmələr arasında yayıldığını vurğulamaq olar. Yanlış yolu seçən gənclərimizi bu bəladan xilas etməliyik. Biz həm narkotik maddələrə qurşanan gənclərimizi doğru yola dəvət etməli, buna çalışmalı, həm də gənclərə və yeniyetmələrə narkotik satanları faş etməliyik. Bir çox dövlətlər kimi Azərbaycan da narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla mübarizə aparır. Cinayətkar qruplar üçün narkobiznes böyük gəlir mənbəyinə çevrilib. Daha sonra narkotikdən əldə edilən gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu isə narkotiklərin qanunsuz dövriyyəsinin nə qədər təhlükəli olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, narkotiklərin dövriyyəsi bir çox hallarda nəzarətsiz bölgələrdə həyata keçirilir. Təsdiq olunmuş faktdır ki, narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur. Qeyd etdiyim kimi, Azərbaycanda narkotik maddələr bəzi hallarda gənclər və yeniyetmələr arasında yayılır. Ən təhlükəlisi odur ki, bəzən narkotik maddələr gənclərə həblər şəkildə pulsuz verilir. Bu isə həmin gənclərin narkotik maddələrdən asılığına gətirib çıxarır. Növbəti mərhələdə həmin gənclərdə aludəçilik yaranır və onlar narkotik maddələri pulla almağa başlayırlar. Bir müddət sonra həmin gənclər pul tapmadıqda cinayətə əl atırlar. Bu da öz növbəsində cinayətkarlığın inkişafına şərait yaradır. Bununla da narkotik aludəçisinə çevrilən gənclərimizi itiririk. Bu mənada ailənin üzərinə mühüm vəzifələr düşür”.

 

MM sədrinin müavini vurğulayıb ki, ailə başçıları övladlarının davranışlarına diqqət etməlidirlər: Çünki övladlardan biri narkotikə qurşanırsa bunu ilk öncə valideynlər hiss etməli və prosesin qarşısını almalıdırlar. Bu problemin qarşısı vaxtına alınmırsa, biz problemin böyüməsinin və ailə münaqişəsinin şahidi oluruq. Narkotik aludəçiliyi xroniki xəstəlikdir. Bu xəstəliyi müalicə etmək çətindir. Digər tərəfdən dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da narkomaniya cavanlaşır. Ən təhlükəlisi odur ki, narkomaniya məktəblərə və universitetlərə yol açır. Onu da unutmayaq ki, narkomaniyaya yol siqaret aludəçiliyindən başlayır. Ona görə də eyni zamanda gənclərimizin tütün məhsullarına olan aludəçiliyi ilə də mübazirə aparmalıyıq. Milli Məclisdə qəbul olunan qanuna görə ictimai yerlərdə tütün məshullarından istifadəyə məhdudiyyət qoyulub. Ancaq düşünürəm ki, bu qanunun icrasına nəzarəti artırmaq lazımdır. Gənclik bizim sabahımızdır. Gəncliyi qorumalıyıq. Ona görə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyaya qarşı mübarizəmizi gücləndirməliyik. “Narkotiksiz gələcək naminə” kimi milli proqramların sayını artırmalıyıq. Milli proqramlarımıza əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri olan narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin gücləndirməliyik. Bu mübarizədə kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitələrinin üzərinə mühüm vəzifələr düşür. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində uğurlu addımlar atılır. Prezident İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzaladı. Bütün bunlar dövlət başçısının narkomaniya ilə mübarizəyə necə önəm verdiyini göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da narkomaniya ilə mübarizəyə önəm verir. Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev fondu müxtəlif şəhər və rayonlarda narkomaniya ilə mübarizəyə həsr edilmiş müxtəlif tədbirlər düzənləyir, gəncləri sağlam həyat tərzinə həvəsləndirən konfrans və seminarlar keçirir. Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi, əhalimizin mütləq əksəriyyəti gənclərdir. Dövlət başçısının martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş məruzəsində gənclər siyasətinə dair önəmli ifadələr yer almışdı. Prezident çıxışnda bunları demişdi: “Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, – misal üçün, könüllülər hərəkatı çərçivəsində, – vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər”. Həqiqətən gənclərin asudə vaxtı düzgün təşkil olunsa narkotik maddələrindən istifadə edən gənclərimizin sayını xeyli azaltmış olarıq. Rəhbəri olduğum parlament komitəsi dövlət başçısının qarşımızda qoyduğu tələblərdən irəli gələrək dövlətimizin gənclər siyasətini gücləndirmək, o cümlədən gənclərimizi pis vərdişlərdən uzaq tutmaq üçün təkliflər irəli sürüb. Birincisi, prezidentin məruzəsində deyildiyi kimi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunda tərbiyə alınmaları üçün qanunvericiliyi təkmilləşdirməliyik. İkincisi, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə təbdirlər barədə düşünməliyik. Üçüncüsü, sosial dövlət olan Azərbaycanda müxtəlif sosial layihələr həyata keçirilir. Bu sosial layihələrin icrasında aparıcı gücü və lokomotivi gənclər olmalıdır.

Parlamentin Gənclər və İdman Komitəsində qeyd edilən istiqamətlər üzrə bir neçə onlayn konfrans keçirilib. Qeyd etdiyim istiqamətlər əhalinin mütləq əksəriyyətini əhatə etdiyindən gələcəkdə müzakirələri daha geniş məkanda aparmğa çalışmalıyıq.

Azərbaycan prezidenti İlham Əliyevin qərarıyla 2020-ci il “könüllülər ili” elan olunub. Zamanında verilmiş qərar idi. Son illər gənclər ölkənin idarə olunmasında mühüm rol oynayır, yeni yaradılan strukturlarda fəallıqlarını artırır. Könüllülərin qanvermə aksiyalarında iştirakı da təqdirəqaliyqir. Koronavirus epidemiyasının başladığı ilk günlərdə talassemiya və hemifoliya xəstəliklərindən əziyyət çəkənlər üçün daha çətin idi. Çünki epidemiya ilə əlaqədar olaraq ilk günlər ciddi karantin rejimi tətbiq edilirdi və bu hal istər-istəməz qan verənlərin sayını azaltmışdı. Bu vəziyyətdə Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə talassemiya və hemifoliya xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə dəstək artırıldı, qanvermə aksiyasına qoşulanların sayını artırmaq üçün aksiyalar həyata keçirildi. Qanvermə aksiyası ölkəboyu geniş vüsət aldı. Nəticədə vəziyyət sabitləşdi. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi də qan qıtlığından əziyyət çəkən vətəndaşlarımızı unutmadı. Mərkəzin mövcud layihəsi çərçivəsində ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı təşkil olundu. Könüllülərin “Böyüklərimizi qoruyaq!” təşəbbüsü də diqqət çəkir. Bu mənada könüllülərin “Narkotikdən uzaq dayanaq” aksiyasını da genişləndirməyə ehtiyac var. Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərimiz təbliğat işini gücləndirməlidirlər. Gənclər və İdman Komitəsi Azərbaycanda formalaşan könüllülər hərəkatını fəaliyyətini yüksək qiymətləndiməklə yanaşı bu işə öz töhvəsini verməkdə səylərini əsirgəmir. Birincisi, komitəmiz parlamentdə könüllülərlə işin təkmilləşdirilməsi məqsədilə “Parlament könüllüsü” layihəsini hazırlayıb. Bu layihədə könüllülərin seçim qaydalarının və onlarla bağlanacaq müqavilələrin formasının hazırlanması və təsdiqi əksini tapacaq. Bu layihəyə ona görə ehtiyac duyuruq ki, könüllülər hərəkatının qanuverici bazası gücləndirilsin. İkincisi, Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” və “Könüllülər fəaliyyəti haqqında” qanuna zəruri dəyişiklikləri müzakirə çıxarmağı planlaşdırırıq. Digər tərəfdən Milli Məclisin Gənclər və İdman Komitəsi gənclər və könüllülər siyasəti ilə bağlı qanunların yerlərdə icrasına nəzarəti gücləndirəcək. İnanıram ki, fəaliyyətləri sistemləşdirilən könüllülər hərəkatları narkomaniya ilə mübarizədə öz sözlərini deyəcək və həmyaşıdlarını pis vərdişlərdən uzaqlaşdırmaqda öz töhvələrini verəcəklər”. \\Pravda


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93