Yasamalı silkələyən görüntü: nə baş verdi? – 3 VİDEO

0

İyunun 7-də Yasamalda karantin rejimini pozanlara qarşı keçirilən əməliyyat zamanı polislə bəzi vətəndaşlar arasında yaşanmış qarşıdurmanı bütün detallarına qədər aydın görmək üçün hadisə zamanı müxtəlif rakurslardan çəkilmiş videogörüntüləri analiz etmək lazımdır.

Hurriyyet.org bildirir ki, Axar.az-ın təqdim etdiyi 3 videoya baxanda konfliktin səbəb və nəticəsi, eləcə də ictimaiyyətin gözündən qaçan nüanslar bütün çılpaqlığı ilə üzə çıxır.

Birinci video

Təqdim etdiyimiz bu videoda polislərin karantin rejimini pozan şəxsdən tələbi, əvəzində isə həmin vətəndaşın polisə müqavimət göstərməsi və bu zaman bir polisin yıxıldığı görünür. Baş verənlər ərazidəki binalardan birində yaşayan sakin tərəfindən qeydə alınır: polislər “evə get” tələbinə etinasız yanaşan və polisə müqavimət göstərən vətəndaşı zərərsizləşdirib, xidməti maşına mindirmək istəyəndə binadan müxtəlif maddələr atılır. Videoya diqqət etdikdə bu maddələrin insan sağlamlığına zərər vuracaq qədər təhlükəli olduğu aydın sezilir. Bir hissədə isə polislərə qaynar su atıldığı və bu suyun onların üzərinə düşdüyü, zibillərin polis maşınına dəydiyi aydın olur.

Bəzi vətəndaşlar kənardan sakinlərə polisə yad maddələr atmaqla bağlı çağırışlar edirlər. Videodan göründüyü kimi, eyni zamanda polisin ünvanına olduqca ağır təhqirlər də işlədilir.

Videonun davamında bir qrup vətəndaşın ərazidə tək qalmış polisə hücum etməyə çalışması, görüntüləri çəkən şəxsin bunu gülüşlə qarşılması diqqət çəkir. Burada da polisin ünvanına etikadankənar aşağılayıcı ifadələr eşidirik.

İkinci video

Bu bideo polisin baş verən hadisədən sonra hadisəni törədənlərə qarşı keçirdiyi əməliyyatdandır. Məhz bu video ictimaiyyətdə narazılıq yaradıb, çünki saxlanılanlardan birinin paltarını geyinməsinə belə imkan verilməyib.

Videoda polisin qapını döyməsi, daha sonra isə qapını kişinin deyil, xanımların açması, xanımların həmçinin məlum otağın qabağına keçərək, oranın “uşaq otağı” olduğunu bildirməsi və nəhayət, həmin otaqda ötən gün polisə qarşı nalayiq hərəkət edən şəxsin olduğu görünür.

Ancaq həmin şəxsin heç də yuxuda olmadığı da videoda açıq-aydın əksini tapıb.

Beləliklə, həmin şəxsin faktiki olaraq gizlənməyə çalışması aydınlaşır.

Üçüncü video

Burada birbaşa polislə vətəndaşların dialoqunu müşahidə edirik. Polislərdən biri karantin qaydalarını pozub həyətə düşən qadının mülayim rəftar tələbinə, “biz də insanıq, bizi də ana doğub, erməni deyilik ki” deyir və onun karantin qaydalarına tabe olub evə çıxmasını tələb edir.

Növbəti kadrlarda isə həmin məşhur görüntü – polisin vətəndaşa “dünən söyürdünüz, bu gün quzuya dönmüsüz, dovşansız” deməsini əks etdirən kadrlar yer alıb. Bu olaya artıq hüquqi qiymət verilib və vətəndaşa “dovşan” deyən şəxs polis sıralarından xaric edilib.

Ancaq “dovşansınız” deyən polisin ötən gün təhqir edilən polis işçisi olduğu o təhqirləri yada salmasından aydın olur…