Salam, xoş gəlmisiniz.

Yavər Hüseynbəyli şəxsiyyəti

2019-06-15 14:24:04

Yavər Hüseynbəyli şəxsiyyəti

Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan, fəlsəfə-muğam üzrə tədqiqatçı mərhum dostum Yavər Hüseynbəyli heç bir zaman dostlarının xatirəsində unudulmayacaq şəxsiyyətlərdəndir. Onun Azərbaycan və Türk dünyasına tarixi baxışları mükəmməl idi. Baxmayaraq ixtisasça riyaziyyatçı idi, ancaq fəlsəfəni, tarixi və.s. humanitar elmləri gözəl bilirdi.

Xüsusilə, dahi şairimiz Nəsiminin yaradıcılığını çox sevirdi. Azərbaycan muğamlarını araşdırırdı və daha sonra isə araşdırmalarını “yutub” kanalında səsləndirirdi. Dərin biliyə və intellektə sahib idi. İnsan ondan daima nəsə öyrənməyə can atırdı.

Onunla dostluğumuz 2004-cü ildən başlayır. O zaman internetdə “paltak”adlı proqram var idi. Proqram vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan insanlar biri-birilə ünsiyyət qururdular. “Paltak”da Azərbaycanla bağlı sıra virtual otaqlar fəaliyyət göstərirdi. Dünyada yaşayan soydaşlarımız maraqlı müzakirələr açırdılar. Yavər bəy də “Bakı-Təbriz-Ankara” adlı virtual otaq açmışdı. Həmin otaqda Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi, mədəniyyəti və diasporu haqqında maraqlı müzakirələr aparılırdı. Yavər bəylə tanışlığım və ünsiyyətim o zamandan başlayır. Onunla internetdə söhbətlər edərdim. Otaqda çıxışlarına qulaq asırdım. Çıxışlarının əsasını məntiq və düzgün məlumat təşkil edirdi. Yavər bəyin çıxışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar qatılırdılar.

Sonradan virtual dostluğumuz real dostluğa çevrildi. Yavər bəylə ilk dəfə 2006-ci ildə görüşdük. Fransadan hüquq müdafiəçi Haida Bornak gəlmişdi. Milli Parkda o, milli fəal Xanoğlan Heydərov, mən və Haidə xanım görüşdük. Xeyli maraqlı söhbətlərimiz oldu. Yavər bəy diasporla ciddi maraqlanırdı. Orada baş verən hadisələri izləyirdi. Xaricdən gələn diaspor fəalları ilə görüşürdü.

Daha sonra toyumda muğam ustası Mütəllim Dəmirovla birgə ifaları oldu. Həmin görüntüləri “yutub” kanalında yerləşdirib. Tez-tez “Cahargah” otelinə gedib, orada muğam, qəzəl gecələri təşkil edirdi. Yavər bəy vətəninə, millətinə bağlı insan idi.

Allah rəhmət eləsin!

P.S. Yavər Hüseynbəyli yaşasaydı, 12 iyun tarixində 65 yaşını qeyd edəcəkdi.

Elnur Eltürk


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru