“Yunanıstan Türkiyə ilə toqquşmalara gedə bilər”

11

Elxan Şahinoğlu: “Şərqi Aralıq dənizindəki bu toqquşmalar böyük müharibəyə gətirib çıxaramayacaq”

“Hazırda Türkiyə danışıqlardan imtina edib. İkinci ssenari daha təhlükəlidir. Şərqi Aralıq dənizində Yunanıstan Türkiyə ilə toqquşmalara gedə bilər. Yunanıstan haqsız olaraq bildirir ki, guya, dəniz tərəfi adalardan hesablanmalıdır. Bu mümkün ola bilməz”.

Bunu “Hürriyyət”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, Şərqi Aralıq dənizində baş verən gərginliyin toqquşmalarla nəticələnməyəcini deyib:

“Gərginlik bir neçə istiqamətdə davam edə bilər. Birinci istiqamətdə, Yunanıstan geri addım atar və bununla da məsələ bitmiş olar. Hazırda Türkiyə danışıqlardan imtina edib. İkinci ssenari daha təhlükəlidir. Şərqi Aralıq dənizində Yunanıstan Türkiyə ilə toqquşamlara gedə bilər. Yunanıstan haqsız olaraq bildirir ki, guya dəniz tərəfi adalardan hesablanmalıdır. Bu mümkün ola bilməz. Çünki Aralıq dənizində Yunanıstanın yüzlərlə adası var. Yunanıstanın bir neçə adası var ki, Türkiyənin bir neçə kilometrliyində yerləşir. O zaman belə çıxır ki, Türkiyə Araqlı dənizində heç bir sahəyə malik olmamalıdır.

Digər tərəfdən, Yunanıstan zəif dövlətdir, Türkiyə ilə müqayisə apardıqda çox zəifdir. Ərazisi də Türkiyənin ərazisindən təxminən 8-9 dəfə azdır. Yunanıstanı irəli verən dövlət var. Məsələn, Fransa Yunanıstana dəstək olur. Bildirir ki, Türkiyəylə toqquşmada dəstək olacaq. Ona görə də gərginlik getdikcə artmış olur.

Bütün bunlara baxmayaraq, Türkiyə baş vermiş gərginlikdən çəkinmir və qorxmur. Türkiyə prezidenti də bəyan edib ki, bizim öz maraqlarımız var və Şərqi Aralıq dənizində maraqlarımızı qoruya bilərik. Necə ki, Türkiyə Qara dənizdə enerji resursları kəşf etdi, eləcə də Aralıq dənizində də kəşflər aparır. Bununla da enerji imkanlarını artırmış olacaqlar. Əslində, Türkiyə Rusiyadan qaz asılılığını azaldıb. Bu Türkiyə üçün çox vacib idi. Ona görə də heç bir dövlət Türkiyəyə mane ola bilməz, o cümlədən kiçik dövlət olan Yunanıstan…”.

Elxan Şahinoğlu bəzi informasiyalarda “Aralıq dənizdə baş verən gərginliyin üçüncü dünya müharibəsinə səbəb ola bilər” fikrinə də münasibət bildirib. O, Yunanıstan və Türkiyə arasında baş verən gərginlyi Suriyada baş verən hadisələrlə müqayisə edib:

“Suriyada müharibə başlayanda da bəziləri deyirdi ki, üçüncü dünya müharibəsi başlayacaq. Bildirirdilər ki, bütün dövlətlərin marağı orda kəsişir. Orda hər bir ölkənin fərqli maraqları varıydı. Düzdür, Suriyada müharibə hələ də davam edir, amma genişmiqyaslı müharibə baş vermədi. Yunanıstan və Türkiyə arasında da geniş müharibənin olmasını düşünmürəm. Türkyəni dəstəkləyən müxtəlif dövlətlər var, o cümlədən Azərbaycan dəstəyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan səfirini qəbul edərkən, öz mövqeyini ortaya qoydu. Hər iki ölkə arasında gəmilərin toqquşma riski hələ də qalır.  Lakin toqquşmalara böyük müharibəyə gətitib çıxaramayacaq”.

YƏHYA