Zahid Oruca karantin dərsi: Sosial Tədqiqatlar Mərkəzi bu təfəkkürlə idarə edilirsə, yandıq!

28 Mart, 2020, 11:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Naxçıvanda tələbələrin karantin şəraiti ilə bağlı yaranan suallara Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc aydınlıq gətirib.

Ovqat.com-un məlumatına görə, millət vəkili işgəncə iddialarını yalanlayıb.

O, “Azadlıq” radiosuna açıqlamasında deyib:

“Nazirlər Kabineti yanında operativ qərargahın rəhbər şəxsləri müəyyən bir araşdırma apardıqdan sonra mənə bildirdilər ki, bu xəbər tam yalnışdır. Bunu, karantin rejiminə daxil olan şəxslərin ilk saatlarda hansısa vəziyyəti ümumi durum kimi qələmə almağın ifadəsi kimi qiymətləndirdilər və bildirdilər ki, hazırda onların şəraiti kifayət qədər yaxşıdır. O cümlədən bildirdilər ki, hansısa vətəndaşımıza, o cümlədən hansısa tələbəyə şiddət göstərilməsi, onlara qarşı cəza tədbirinin həyata keçirilməsinin heç bir əsası yoxdur, onlar bunu tam inkar etdilər”.

 

Şəkildə: Ukraynada karantin altına alınan vətəndaş

 

Şəkildə: Bu da bizim Zahid müəllimin "yaxşı" dediyi "muxtar karantin"

Göründüyü kimi həmin tələbələrin karantində saxlanıldığını etiraf edən Milli Məclisin İnsan Haqları Komitəsinin sədri onların karantin şəraitinin yaxşı olduğunu vurğulayıb. Zahid Orucun  bu açıqlaması bir daha sübut edir ki, deputatın ümumiyyətlə karantin anlayışı haqqında təsəvvürü yoxdur. Belə adama bir də Sosial Tədqiqatlar Mərkəzi kimi ciddi bir qurumun həvalə edilməsi əsrin ironiyasından başqa şey deyil. Ən azı o səbəbdən ki, Naxçıvandakı şəraitin adını nə qoyuruqsa qoyaq, ona karantin demək üçün gərək dünyadan bixəbər olasan.

Biz Ovqat.com olaraq Azərbaycan xalqının sağlamlıq hüququnu və təhlükəsizliyini nəzərə alaraq, Zahid müəllimə bilməsi zəruri olan bəzi xırda mətləbləri xatırlatmaq istərdik. Ümidvarıq ki, yazını oxuyub, karantinin nə olduğunu öyrənəcək və bundan sonrakı çıxışlarında öyrəndiklərindən faydalanacaq:

Sual: Karantin nədir, niyə tətbiq olunur?

 

Karantin – yoluxucu xəstəliyə məruz qalma şübhəsi olan insanları və heyvanları xəstəliyin ən uzun inkubasiya dövrü müddətində təcrid etməklə alınan bütün ehtiyat tədbirləri deməkdir. Sözün mənşəyi italyancadır.

Belə ki, 18-ci əsrdə iqtisadiyyatı dəniz ticarətinə söykənən Venesiya dövlətini epidemiya xəstəliklərindən qorumaq üçün şəhərə gələn gəmiləri limandan kənarda 40 gün gözlədirdilər. Karantin sözü də italyanca 40 mənasını verən “quaranta”-dan gəlir. Yəni 40 gün deməkdir

Karantin tədbirləri müasir dövrümüzdə təkmilləşərək, hər xəstəliyin ən uzun inkunasiya müddəti ilə əvəz olunub. Çünki bu müddət keçdikdən sonra insanda və heyvanda hər hansı simptomlar ortaya çıxmırsa, onun xəstə olmadığı təsdiqlənir.

Bununla belə, müasir karantin tədbirlərində təkcə şübhəlilərin digər vətəndaşlarla təmasına məhdudiyyət qoyulmur. Həm də şübhəlilərin bir-biriylə təmasının qarşısı alınır. Nədən ki, şübhəli olmaq hələ virus daşımaq demək deyil. Mümkündür ki, həmin şübhəlilər arasında 1 nəfər virus daşısın. Onun bir neçə nəfər arasında saxlanılması digər insanların da yoluxmasına yol aça bilər.

 

Üstəlik, bu yoluxma halı karantin müddətinin sonunda, konkret olaraq koronavirusu götürsək, 14 sutkanın son günlərində baş verər və virusa yoluxmuş vətəndaş karantindən çıxarsa, daşıdığı xəstəliyi cəmiyyətə yayar. Məhz bu təhlükəni nəzərə alan TƏBİB karantin qaydalarını 1 nəfərin bir palatada və ya simptomları ortaya çıxmamış 2 nəfərin bir palatada saxlanılması kimi müəyyənləşdirib. Hər halda bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuata verdiyi açıqlamada bildirərək deyib: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.

 Naxçıvanda isə 120-150 nəfər eyni məkanda saxlanılır və bu həqiqət Muxtar Respublikanın rəsmi xəbər agentlikləri tərəfindən də etiraf olunur. Zahid Oruc isə bunu yaxşı karantin şəraiti adlandırır.

Naxçıvan rəhbərliyini hardasa anlamaq olar. Ötən yazlırımızdan birində qeyd etdiyimiz kimi, bəlkə də Muxtar Respublika rəhbərliyi tibbi karantinlə ilk hərbi çağırış dövründə əsgərlərin saxlanıldığı karantini qarışdırıb. Buna bənzər səhvləri ilə haqqında çoxsaylı lətifələrin yaranmasına səbəb olan muxtar iradədən fərli olaraq, bizi əsl təəccübləndirən isə Sosial Tədqiqatlar Mərkəzinin sədrinin mövqeyidir. Görünən budur ki, o da təfəkkürcə Naxçıvan Muxtar Respublika rəhbərliyindən çox da fərqlənmirmiş. Halbuki, Azərbaycan prezidentinə bir çox hesabatları Zahid Oruc hazırlayır, o isə Qaranlıq çağlardan yenicə qurtulmuş 18 əsr venesiyalıların bildikləri həqiqətdən ya xəbərsizdirya da özünü elə aparır. Halbuki biz indi XXI əsrdə yaşayırıq və Azərbaycan özünün unikal elmi-mədəni inkişafı ilə öyünür.

İndi gəl, Zahid müəllimin bu təfəkkürünə təəccüblənmə.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93