“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV

“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV

“Müəllimlər şagirdi tanımırlar və ona jurnalda qiymət yazmayıblar”

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı direktor Zaur Ələkbərov və 11 A sinfinin müəllimləri arasında qalmaqal davam etməkdədir. Belə ki, məktəbin direktoru Zaur Ələkbərov “Jamaz.info”-ya açıqlama verərək fənn müəllimlərinin Əliyev Siruz adlı şagirdi tanımadıqları halda, onların xəbəri olmadan bütün fənnlərdən ona qiymət yazılmasına və dərs ilinin sonunda attestat verilməsinə etirazını qəbul etmir, deyilənləri təkzib edir. Direktorun fikirlərini bölüşməyən məktəbin fiziki tərbiyə müəllimi Murad Hüseynov isə “Hürriyyət”in elektron ünvanına yenidən məktub ünvanlayıb.

“Zaur Ələkbərov haqqında yazılanlar böhtan deyil”

Məktubda deyilir: “Ölkə mediasının gündəmində olan Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli məktəbinin direktoru Zaur Ələkbərov dünən “Jamaz.info”-ya verdiyi təkzib bir daha onu göstərdi ki, o, törətdiyi saxtakarlığı ört-bastır etmək istəyir. Hörmətli redaksiya və hörmətli oxucular, dövlət sənədinə bilərəkdən saxtakarlıq etməkdə ittiham olunan, mətbuatın manşet səhifələrində yer alan Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov haqqında yazılanlar heç də böhtan deyil. Bununla bağlı kifayyət qədər subutlar var və aidiyyatı qurumlara təqdim edilib. Hazırda məsələ ilə bağlı araşdırma gedir. Sadəcə, Zaur Ələkbərov “Jamaz.info”ya təkzib verməklə, o, bir daha özünü rusvay etmiş oldu. Zaur Ələkbərov onun barəsində mətbuatda yer alan mövzuya aydınlıq gətirmək əvəzinə, Xocalı köçkünü adı altında və ya atam, anam Qarabağ əlili olmasını deməklə, cəmiyyətin gözünə “kül üfürmək” istəyir. Təəssüflər olsun ki, bir məktəb direktoru hələ də başa bilmir ki, qanun hər kəs üçün bərabərdir. Heç kimin torətdiyi əmələ görə hansısa güzəştdən istifadə etmək hüququ yoxdur. Əfsuslar olsun ki, adı çəkilən şəxsin bu gün “Xocalı koçkünuyəm” deməsi, tarixmizin ən ağrılı yerini əlində bayraq etməsi özü bir acizlikdir. Vətən uğrunda ya şəhid olmaq, ya da qazi olmaq borcumuzdur. Mən şəhid Əşrəf Hüseynovun qardaşıyam. Atam Qarabağ döyüşçüsü və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda sağlamlığını itirmiş bir qazidir. İndi deyin, görüm bunların baş vermiş qanun pozuntularına nə aidiyyatı var?”.

“Öz şəxsi maraqları üzərində adı çəkilən şagirdə qiymətlər yazılıb”

M. Hüseynov qeyd edib ki, 2018/19-cu ilin tədris ilinin yekun pedaqoji iclasının sonunda tədris ili başa çatmış hesab edilir: “Mən iclasdan bir neçə gün sonra məktəbə gedib müəllimlər otağında dərs dediyim jurnallara baxış keçirdim. 11 A-sinif jurnalında gördüm ki, tədris boyu fiziki tərbiyə dərs cədvəlində 10 şagirdə dərs deyib, onlara KSQ, BSQ və yarım il illik qiymət çıxardığım halda, başqa xəttlə 11-ci sıra nömrəsinə Əliyev Siruz adlı şagirdin adı yazılıb, ona KSQ, BSQ və illik qiymətlər çıxarılaraq yüksək bal yazılıb. Bu kimi saxtakarlıq 11 A-sinif jurnalı üzrə bütün fənnlərdə qeyd edilərək, heç bir müəllimin xəbəri olmadan, müəllimlərin müəllimlik hüququ rəhbərlik tərəfindən kobud şəkildə pozularaq, öz şəxsi maraqları üzərində adı çəkilən şagirdə qiymətlər yazılıb, sonda isə dövlət sənədi hesab edilən attestat verilib. Hazırkı məsələ ilə bağlı aidiyyatı qurumlar hərəkətə keçib, Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi isə bütün sənədləri araşdırmağa başlayıb. Bununla bağlı 10-a yaxın 11 A-sinif fənn müəllimləri “Hürriyət” qəzetinə və bir çox mətbuata açıqlama verərək bildiriblər ki, baş vermiş saxtakarlıqlardan xəbərsizdilər. Onlar şagirdi tanımırlar və ona jurnalda qiymət yazmayıblar”.

“Guya, mən nizam-intizamı pozan bir müəllim olmuşam”

M. Hüseynovun sözlərinə görə, saxtakarlığa yol vermiş məktəb direktorunun “Jamaz.info”-ya verdiyi acıqlama aidiyyatı üzrə deyil: “Direktor Zaur Ələkbərov aidiyyatı üzrə təfərruatlara aydınlıq gətirmək əvəzinə, məni onun saxtakarlığının üstünü açdığıma görə hədəfə götürərək, iş fəaliyyətimi pisləyib və mənə qarşı qərəzli olduğunu bir daha verdiyi təkzibdə ortaya qoyaraq vurğulayıb ki, məktəbin fiziki tərbiyə müəllimi Murad Hüseynov və onun həyat yoldaşı vaxtı-vaxtında işə gəlmirdi. Güya, o, bizə töhmət verib əmək haqqını tutduğuna görə, mən onun barəsində şər-böhtan yazıram. Məktəb direktorunun daha bir gülünclə qarşılanan açıqlaması isə belə olub. Guya, mən nizam-intizamı pozan bir müəllim olmuşam. Məktəb direktoruna sual olunur, Murad Hüseynov nizam-intizamsız müəllim olubsa, onda necə ola bilər ki, ona 2018/19 tədris ilinin pedaqoji şura iclasında yaxşı bir müəllim kimi fəxri fərman təqdim edilib? Zaur Ələkbərov açıqlamasında qeyd edir ki, o, maksimal dərəcədə şəffaf işləməyə çalışıb. Sual olunur, ona kim mane oldu ki, maksimal şəffaflıq arzusunu gerçəkləşdirə bilməyib və sonda maksimal sürətlə dövlət sənədində şəxsi maraqları üzrə saxtakarlığa yol verdi?”

“Niyə video faktı təqdim etmirsiniz?”

Məktəb direktorunun açıqlamasına cavab verən M. Hüseynov yazır: “Zaur Ələkvərov qeyd edir ki, məktəb kamera ilə təchiz olunub. Bunun mən də tərəfdarıyam. Hesab edirəm ki, kameranın məqsədi həm təhlükəsizliyi təmin etmək, həm də istənilən faktın araşdırılmasında köməyimizə yetir. O zaman sual olunur, Zaur Ələkbərov açıqlama verir ki, 11 A-sinifində adı qeyd edilən Əliyev Siruz dərsə gəlib gedirdi. KSQ, BSQ qiymətləndirmələrində iştirak edib. Həqiqətən də bu şagird dərsə gəlibsə, onda nə üçün ölkə mətbuatında qeyd edilən bu ittihamların yalan olmasını subuta yetirəmək üçün video görüntüləri təqdim etmir? Niyə video faktı təqdim etmirsiniz? Halbuki, məktəbin daxili və xarici kamera ilə təchiz olunub. Bundan əlavə, həqiqətən şagird dərsə gəlibsə, ona dərs deyən müəllimlər nə üçün məktəb direktorunu müdafiə edib demirlər ki, ittihamlar yalan, böhtandır?

Əksinə 11 A-sinifində dərs deyən müəllimlər faktı təsdiq edirlər. Olmaya 11 A sinifində dərs deyən 10-a yaxın müəllimin məktəb direktoru ilə hər hansı bir şəxsi qərəzliyi və ya ədavəti var?”

“Əlizamin Əliyev düşünmədi ki, o, bizim əmək haqqının yazılmasını özü şəxsən sənədləşdirib?!”

“Məktəb direktoru qeyd edir ki, Murad Hüseynov dekabrın 18-dən yanvar ayının 16-sına kimi bülletendə olduğu halda xaricdə olub. Bəli, mən bülletendə olmuşam, amma 18-dən yox 20-dən olmuşam. 6 gün Göytəpə mərkəzi xəstəxansında müalicə almışam. Xəstəxananın şəraiti olmadığından və səhhətimdə heç bir irəlləyiş olmadığı üçün mən ölkədən xaricə getmişəm. Mənim ölkədən xaricə getməyimdən şəxsən məktəb direktoru Zaur Ələkbərovun və Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının sədri Əlizamin Əliyevin xəbəri var idi. Dəfələrlə direktor Zaur Ələkbərov və Həmkarlar Təşkilatının sədri Əlizamin Əliyev mənimlə “votsap”la əlaqə saxlayıb, səhhətimlə maraqlanıblar, demişəm yaxşıyam, bir az da dincəlim, gələcəm. Bu gün isə gördüyünüz kimi, məktəb direktoru hər bir varianta əl atmaqla çalışır ki, törətdiyi saxta əməlini ört-basdır etsin və bunun üçün dəridən qabıqdan çıxır. Məktəb direktorunun daha bir rusvay edici şikayəti isə onun bütün hiylələrini alt-üst etdi. O, saxta əməlinin ifşa etməməyim üçün Göytəpə şəhər 1 nömrəli məktəbin Həmkarlar Təşkilatının sədri Əlizamin Əliyevlə birləşib, mən və ondan şikayət edən məktəbin hərbi müəllimi İkram Məmmədov barəsində Cəlilabad rayon Prokurorluğuna Əlizamin Əliyev tərfindən şikayət olunub. Əlizamin Əliyev şikayət edib ki, Murad Hüseynov və İkram Məmmədov bülletendə olduqları müddətdə xaricdə olublar. Maraqlıdır ki, mənim və İkram Məmmədovun xaricdə olmasından xəbəri olan Həmkarlar Təşkilatının sədri Əlizamin Əliyev nə üçün indi şəxsən biz iki nəfərin bülletendə olduğu müddətin araşdırmasını prokurordan tələb edib? Halbuki, xaricdə olduğumuz gündən xəbərdar idi. Maraqlıdır əgər biz qanuna zidd hərəkət etmişdiksə, nə üçün Əlizamin Əliyev bu vaxta kimi bu qanunsuzluqları gizlədib, indi məktəb direktorunun müdafəsi üçün bizi susdurmaq məqsədi ilə bu addımı atdı? Əlizamin Əliyev düşünmədi ki, o, bizim əmək haqqının yazılmasını özü şəxsən sənədləşdirib?! Hər halda burada nədən bəhs olunduğu yəqin ki, hər kəsə aydındır. Sonda onu deyə bilərəm hər kəs qanun qarşısnda tükdən incədir. Şah qanun ola bilməz, qanun şahdır”, - deyə fiziki tərbiyə müəllimi vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA