Salam, xoş gəlmisiniz.

ZƏMANƏMİZİN ŞEYX NƏSRULLAHI - Və yaxud təyin olunmuş hərşeyşünas deputat Fazil Mustafa nə üçün Şah İsmayılın ruhunu incidir? - II HİSSƏ

2019-08-10 10:59:02

ZƏMANƏMİZİN ŞEYX NƏSRULLAHI - Və yaxud təyin olunmuş hərşeyşünas deputat Fazil Mustafa nə üçün Şah İsmayılın ruhunu incidir? - II HİSSƏ

Rəhmətlik Mirzə Cəlilin şəhadətinə görə Danabaş kəndinin “dini rəhbəri” Molla Sadıq buyurardı ki, dünyada bir millət varsa, o da müsəlmanlardır, yerdə qalanlar isə heyvan kimi bir şeydilər. Ondan soruşanda ki, bu harada yazılıb, qayıdardı ki, “Ümdətül əfkar” kitabında. Vəssalam, bununla məsələ bitirdi, kimin nə hünəri vardı mübahisə edib, ya da şəkk gətirəydi. Molla Sadıq avam rəiyyətin rəngini belə görmədiyi, adının nə olduğunu bilmədiyi kitaba isnad edərək, külli aləmi heyvana döndər bilmişdi.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/zmanmizin_eyx_nsrullahi_-_ve_yaxud_teyin_olunmus_herseysunas_deputat_fazil_mustafa_ne_ucun_ah_ismayilin_ruhunu_incidir)

Köhnə əyyamlarda belələrini haqq yoluna döndərmək, dərd-sərinin nə ilə bağlı olduğunu bilmək üçün savadlı din xadiminin yanına gedib Kitab açdırardılar. Yaşlı kişilər bunun nə demək olduğunu başa düşürlər. Bəzən isə onu yaxındakı pirlərin birinə aparıb lazımı ayinləri yerinə yetirər, müqəddəs ocaqdan şəfa dilərdilər. Mirzə Cəlil rəhmətlik isə başqa şeyi məsləhət görürdü, yəni yerdən bir qarpız qabığı götürüb şappıltı ilə onun ağzına vurmaq lazımdır ki, getsin işinə-gücünə.

Millətin yetmiş iki tirə edilməsində, ziyalıları ən mənhus fəndlərlə bir-birinin üzərinə qaldırmaqda, gündə camaatı qəsdən çaş-baş etmək xatirinə iblisanə sərlövhələr çıxarmaqda və sadalamaq istəmədiyim minlərlə qəbahətdə pərgar olmuş “Yeni Musvat” qəzeti səxavətlə Fazil Mustafa kimi unikumlara çıxış üçün imkan yaradır. Məmləkətin minlərlə müşkülü, dərd-səri qıraqda qalıb, indi hamı işini-gücünü bir yana atıb bir ovuc siyasətbazın söz güləşdirməsinə diqqət kəsilməlidir.

Qəzet səhifəsini həlim aşı qazanına döndərən Fazil ağa bildiklərini də, bilmədiklərini də bir-birinə qatıb qatışdrırıb. Arxayındır, yaxşı bilir ki, üç-dörd arif, işin məğzinə varmış qələm sahibi sözü bir yerə qoyub onun dərsini verməyəcək. Bu dəqiqənin özündə camaatın başı başqa şeylərə qarışıb, onu daha nə Ənvər paşa maraqlandırır, nə də Şuşa.

Arada Xiyabani kimi cəfakeşin xatirəsini təhqir edib Osmanlı imperiyasının süqutunda müstəsna rol oynamış bəzi paşalara qahmar çıxan Fazil ağaya baş qoşmaq bihudə zəhmətdir.

Amma bir məsələdə susmaq fikrində deyiləm. Başından böyük qəbahətə cürət edib Şah İsmayıl medalının əleyhinə çıxan Fazil ağa M.F. Axundovu “tariximizin ən böyük dəyəri” sayır. Farslar demişkən, xeyli xub!

Milyon faiz əminəm ki, hara gəldi burnunu soxan, yetənə daş, yetməyənə səlbə atan Fazil ağanın ümumiyyətlə faleristikadan xəbəri yoxdur. Mən şəxsən, adi, orta səviyyəli bibliofil tarixçi kimi M.F.Axundovun sinəsini bəzəmiş orden və medalların tarixi ilə hələ 60 il bundan əvvəl maraqlanmışdım. Öyrənmişdim ki, imperiyanın ali ordenləri hər adama verilmir. Döyüşdə min şücaət göstərsə də pravoslav olmayana bəzi ordenlərin verilməsi qəti qadağan idi.

Biz M.F.Axundovu Qafqaz canişini yanında çalışan adi tərcüməçi kimi tanıyırıq. Sözü təkcə Qafqazda yox, bütün yaxın Şərqdə keçən, bütün sahələrdə fövqəladə səlahiyyətlərə malik olan canişin yanında tərcüməçi işləmək asan məsələ deyildi. İmperiyanın yaxın Şərqdəki siyasətinin bütün sirlərini bilib, onlarla vacib, qayət məxfi sənədlərlə iş aparan şəxs etibarlı adam sayılırdı. Rusiyanın Qafqaz müharibələrinin tarixinə aid elə nadir kitablar, tədqiqat əsərləri əlimdən gəlib gedib ki, Fazil ağa kimi alimnümalar onların heç rənglərini də görməyiblər.

Sözümün canı odur ki, məhz bu illərdə mən bütün dəqiqliklə öyrəndim ki, M.F.Axundovun sinəsindəki bəzi orden və medalları mülki sahədə, dəftərxanada yaxşı işləməyinə görə verməyiblər. Bunlar bilavasitə hərbi ekspedisiyalarda, döyüşlərdə iştiraka görə verilib. O illərdə Qafqaz hələ tam ram edilməmişdi, neçə-neçə yerdə tayfalar, qəbilələr hələ müqavimət göstərirdi. Qan su yerinə axırdı, cəza dəstələri rəhm bilmədən aulları, kəndləri yandırır, əhalini ya qırırdılar, ya da təhkimçi kimi Rusiyanın içərilərinə Sibirə zorla sürgün edirdilər. Sovet tarixçiləri, bizim titullu filoloqlar daha o gözəl epitet qalmayıb ki, M.F.Axundova verməsinlər. Bununla işim yoxdur. Tiflis əhalisinin o illərdə yarısı müsəlman idi. Bu qədər camaatın dörd gün ərzində Axundovun nəşinə yaxın düşməməsinin səbəblərini bilirik. Ürək ağrıdan odur ki, nə canişin ştabından, nə də qarnizondan bir zabit də dəfndə iştirak etməmişdi. Axı nə qədər olsa Axundovun rütbəsi polkovnik, həm də neçə ordenin kavaleri idi. Həm hərbi nizamnamə, həm də etiket pozulmuşdu. Cəmi dörd kazak dəfn işinə baxmışdı.

Hələ indiyə qədər bir tarixçi bu əsrarı açmayıb. Şəxsən mənim fikrimcə burada elə səbəb var ki, açılması xoşagələn deyil. Fazil ağanın ağzını Allah yoluna qoyub danışmasını ona bağışlamaq olmaz. Buna deyən yoxdur ki, bu zavallı millətin tarixinin ən parlaq dövrünə niyə çirkab atırsan? Axı sənin heç bir çərçivəyə, əndazəyə sığışmayan boşboğazlığın xalqımıza qarşı mənəvi, ideoloji təxribat aparan qüvvələrin planlarına uyğundur. Hərdən öz hərbgu nadanlığına bəraət qazandırmaq üçün M.Ə.Rəsulzadənin bəzi sözlərinə isnad edirsən. Ayıbdır, vallah, billah ayıbdır, camaatı avam yerinə qoyma. Ətrafına bax, gör doğma vətəninin mənəvi mühiti nə gündədir. Biz zər-zibalı, binamusluğu naqislərə xoş gələn cəmiyyətdə yaşayırıq. Fazil ağa, sən bütün şərəfsizlikləri, məmurların təsvirə gəlməz rüşvətxorluğunu reklam rolikləri, pulgir məddahların qalın-qalın, heç kim tərəfindən oxunmayan kitabları ilə ört-basdır edən iqtidarın balasısan. Yolunu davam elə, bu dəfə düşmənlərimizə xoş gəlmək üçün başqa tarixi şəxsiyyətlərimizə də çirkab at. Milli Məclisdə yerin indidən hazırdır. Deyirsən ki, Azərbaycanın gələcəyini düşünürüksə mənfi mirasdan imtina etməliyik. Mən isə deyirəm, əgər Azərbaycanın müstəqilliyini düşünürüksə, əgər onun xalqının başının uca olmasını, xəcillikdən qurtulmasını, daxili və xarici düşmənlərinin qəhrini görmək istəyiriksə, Fazil ağa, gərək sənin kimilərdən və ipini dartanlardan imtina etməliyik.

Əgər özünü təhqir olunmuş hesab etsən ver məni məhkəməyə. Tanınmış məddah Elmira Axundova iqtidarın köməyi ilə iyirmi ay qocalıq təqaüdümü əlimdən aldı. Qan, irin olub özünün də balasının da gözlərindən gəlsin. Məqamdır, sən də fürsətdən istifadə elə. İstənilən telekanalda, auditoriyada çıxış edə bilirsən, çörək, paltar dərdi çəkmirsən, yerimək sənin üçün əzaba dönməyib, iqtidarın sevimlisisən. Mən binəvanın imkanı da yoxdur ki, sənin iştirak elədiyin yerlərə gəlim və böyük məmnuniyyətlə dərsini verim, maskanı cırım. Hələlik dövran sənin kimilərindir.

Firuz Haşımov

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93